Romelu Lukaku Belçika millisində karyerasını başa vurdu

Belçika yığmasının tarixində ən çox qol vurmuş futbolçu Romelu Lukaku milli komandadakı karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Lukaku milli komandada 16 il keçirdikdən sonra Belçika millisindən ayrılmaq qərarına gəlib. O, vida mesajında bu müddət ərzində yığmaya əlindən gələn hər şeyi verdiyini bildirib:

“Bu 16 il ərzində milli komandaya verə biləcəyim hər şeyi verdim. Yəqin ki, mümkün olan bütün emosiyaları yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşları ilə birlikdə oynamaq imkanım oldu. Belçikalı azarkeşlərə komandamıza göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Dörd dünya çempionatında və üç Avropa çempionatında ölkəmi təmsil etdiyim üçün qürur duyuram. Milli komandada çıxışımı başa vurmaq qərarına gəldim və bu qərardan sonra özümü rahat hiss edirəm”.

Lukaku Belçika millisinin heyətində 94 qol vuraraq yığma tarixinin ən məhsuldar futbolçusudur. O, milli komandada keçirdiyi illər ərzində 2018-ci il dünya çempionatında bürünc medal qazanıb.

Hücumçu Belçikanın heyətində 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında, həmçinin 2016, 2020 və 2024-cü illərin Avropa çempionatlarında iştirak edib.

Klub karyerasında “Anderlext”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “Çelsi”, “İnter”, “Roma” və “Napoli” kimi klublarda çıxış etmiş Romelu Lukaku 2026-cı ilin yayından Türkiyənin “Fənərbağça” klubunun formasını geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: