Futbol üzrə Fransa millisinin keçmiş qapıçısı, hazırda ABŞ klubu “Los Anceles”də çıxış edən Hüqo Lyoris əlamətdar göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, 39 yaşlı qapıçı 1000 peşəkar oyun keçirən ilk fransız futbolçu olub.
Lyoris bu tarixi göstəriciyə oktyabrın 26-da MLS çərçivəsində “Los Anceles”in “Los Anceles Qalaksi” ilə keçirdiyi Los Anceles derbisində (2:2) çatıb.
Lyorisin 1000 oyunluq göstəricisinə 856 klub matçı və Fransa millisində keçirdiyi 145 qarşılaşma daxildir. O, hazırda ümumilikdə 1001 peşəkar oyuna sahibdir. Hesablamaya ehtiyat komandalarında və aşağı yaş qruplarında keçirilən görüşlər daxil edilmir.
Karyerasına “Nitsa”da başlamış Lyoris 2008-ci ildə Lion “Olimpik”inə, 2012-ci ildə isə “Tottenhem”ə keçib. İngiltərə klubunda 10 ildən çox çıxış etmiş qapıçı 2024-cü ilin yanvarından “Los Anceles”in heyətindədir.
Fransa millisində 145 oyun keçirmiş Hüqo Lyoris yığma tarixində ən çox oyun keçirən futbolçudur. O, 2018-ci ildə Fransa ilə dünya çempionu olub, 2022-ci ildə isə komandanı dünya çempionatının finalına kapitan kimi çıxarıb.
1000 oyun həddinə çatmaq futbol dünyasında olduqca nadir göstəricidir. Lyoris bu nəticə ilə Peter Şilton, Canluici Buffon, İker Kasilyas və braziliyalı Fabio kimi 1000-dən çox peşəkar oyuna çıxmış futbolçuların yer aldığı elit siyahıya qoşulub.
Qeyd edək ki, Lyorisdən sonra 1000 oyun həddinə ən yaxın fransız futbolçular Kərim Benzema və Antuan Qrizmann hesab olunur. Benzemanın 993, Qrizmannın isə 964 peşəkar oyunu var.


