UEFA hazırda Fransa Futbol Federasiyasının prezidenti olan Filip Diallonun adını FIFA prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
Arena.az xəbər verir ki, FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Hazırkı prezident Canni İnfantino da növbəti müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ilin fevralında FIFA-nın növbədənkənar konqresində prezident seçilib və daha sonra iki dəfə alternativsiz şəkildə yenidən bu vəzifəyə seçilib.
UEFA-nın açıqlamasında bildirilib ki, təşkilatın İcraiyyə Komitəsində təmsil olunan milli assosiasiyalar Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər. Avropa futbol qurumları FIFA rəhbərliyinə münasibətdə ciddi narahatlıqların olduğunu və dünya futbolunda birlik və etimadın bərpasına ehtiyac yarandığını vurğulayıblar.
63 yaşlı Diallo 2021-ci ildə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinə seçilib. 2023-cü ilin fevralından federasiyaya rəhbərlik edir, həmin ilin aprelindən isə UEFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Bundan əvvəl 1992–2021-ci illərdə Fransanın Peşəkar Futbol Klubları İttifaqında direktor vəzifəsində çalışıb.
FIFA daxilində son dövrdə yaranan fikir ayrılıqlarının əsas mövzularından biri də İnfantinonun təklif etdiyi “FIFA Forward Enterprise” layihəsi olub. Təşkilatın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək ayrıca şirkətin yaradılmasını nəzərdə tutan layihənin FIFA üzvlərinə əlavə gəlir gətirə biləcəyi bildirilirdi.
Layihəyə UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və CONMEBOL etiraz edib. İnfantino daha sonra layihədən imtina etdiyini açıqlasa da, UEFA onun rəhbərliyinə etimadın əvvəlki səviyyədə olmadığını bəyan edib.
Beləliklə, 2027-ci il seçkilərində Diallonun İnfantinoya əsas rəqib kimi çıxması FIFA rəhbərliyi uğrunda mübarizəni daha rəqabətli edə bilər.


