Argentinada futbolçu topun başına dəyməsindən sonra öldü

Argentinada gənc futbolçu Abel Nunes matç zamanı aldığı ağır baş zədəsindən sonra xəstəxanada dünyasını dəyişib.

Arena.az xəbər verir ki, 18 yaşlı futbolçu ölkənin gənclər arasında beşinci divizion turnirinin AFA Youth C yarışında “Eseyza”nın heyətində çıxış edirdi.

O, “Deportivo Munes”ə qarşı keçirilən qarşılaşma zamanı topun başına dəyməsi nəticəsində ağır xəsarət alıb.

Hadisədən dərhal sonra Nunesə meydanda tibbi yardım göstərilib. Daha sonra futbolçu xəstəxanaya çatdırılıb. Həkimlər onun üzərində əməliyyat aparsalar da, müdaxilə gənc oyunçunun həyatını xilas etməyə kifayət etməyib.

“Eseyza” klubu futbolçunun ölümü ilə bağlı dərin hüznünü ifadə edib. Klubun açıqlamasında Nunesin komandanın vacib üzvü olduğu və böyük arzuları olan gənc futbolçunun faciəli şəkildə həyatını itirməsinin bütün ailə üçün ağır itki olduğu bildirilib.

“Eseyza” rəhbərliyi futbolçunun ailəsinə, dostlarına, komanda yoldaşlarına və bütün yaxınlarına başsağlığı verib.

Nunesin ölümü Argentinada böyük kədər yaradıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: