Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoxlama oyunları çərçivəsində səfərdə Andorra yığma komandası ilə üz-üzə gəlib.
Arena.az xəbər verir ki, bu, millimizin 2026-cı ildəki son oyunu olub.
Qarşılaşmanı İspaniyadan olan ədalət təmsilçiləri idarə ediblər. Görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera olub.
Enkampdakı 5600 azarkeş tutumuna malik “Estadi de la FAF” arenasında keçirilən oyun həm də millimizin tarixində ən çox qol vurmuş Emin Mahmudov üçün xüsusi əhəmiyyət daşıyıb. Belə ki, “Neftçi”nin şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi millimizin heyətində sonuncu oyununu keçirib. O, start heyətdə meydana çıxdığı görüşün 65-ci dəqiqəsində əvəzlənib. Bu, onun millimizin heyətində 66-cı və sonuncu görüşü olub.
Dörd qolun qeydə alındığı qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsiylə bitib. 2-ci dəqiqədə debütant Eşqin Əhmədov hesabı açıb. 48-ci dəqiqədə Musa Qurbanlı hesab arasındakı fərqi artırıb. Meydan sahibləri ikinci hissənin əvvəlində buraxılan qollardan birinin əvəzini çıxsalar da, Toral Bayramov 70-ci dəqiqədə penaltidən dəqiq yararlanmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Bununla da Azərbaycan millisi 2026-cı ili qələbə ilə başa vurub. Komandamız bu il keçirdiyi 10 oyunda 6 (Syerra Leone üzərindəki penaltilərlə qələbəni də nəzərə alsaq, 7) qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Yoxlama oyunu
16 noyabr
Andorra – Azərbaycan 1:3
Qollar: Riçard Fernandes Kuko, 55 – Eşqin Əhmədov, 2. Musa Qurbanlı, 48. Toral Bayramov, 70-pen.
Hakimlər: Xose Luis Munuera Montera, Dieqo Sançes Royo, Dieqo Barbero, Pedro Qonçalves (hamısı İspaniya).
Enkamp. “Estadi de la FAF”.
Andorra: 13. Aleks Ruis, 2. Aleks Kornelya, 5. Maks Lyovera (k), 8. Hüqo Ferreyra, 9. Riçard Fernandes Kuko, 11. Albert Rosas, 17. Aron Rodriqo, 18. Ot Remolins, 19. Joel Gilyen, 22. İan Oliveyra, 23. Byel Borra.
Ehtiyat oyunçular: 1. Xosep Qomes, 12. Mark De Kastro, 3. Erik Vales, 4. Kristian Qarsiya, 6. Kiko Pomares, 7. Nil Linares, 10. Gillom Lopes, 14. Xordi Alaes, 15. Moises San Nikolas, 16. Erik de las Heras, 20. Xerard Sola, 21. İker Alvares.
Baş məşqçi: Koldo Alvares.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 5. Fərid Yusifli, 8. Emin Mahmudov (k), 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Bədəlov, 17. Tellur Mütəllimov, 24. Murad Məmmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Rüfət Abbasov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 16. Emil Mustafayev, 18. Oruc Məmmədov, 19. Namiq Ələsgərov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Ağadadaş Salyanski, 25. Rüfət Abdullazadə, 26. Nihat Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.


