Qazaxıstan millisində Con van’t Sxiplə yollar ayrılır – Rəsmi

UEFA Millətlər Liqasının cari mövsümündə uğursuz çıxış etmiş futbol üzrə Qazaxıstan millisində baş məşqçi Con van’t Sxiplə bağlı qərar verilib.

Arena.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası (KFF) niderlandlı mütəxəssislə müqavilənini müddətini uzatmayacaq.

Bu barədə federasiyanın baş katibi Skott Mann Millətlər Liqasındakı çıxışın yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, van’t Sxiplə müqavilənin müddəti bu həftənin sonunda başa çatacaq və tərəflər əməkdaşlığı davam etdirmək niyyətində deyil:

“Müqavilə bu həftənin sonunda başa çatacaq. Nə biz, nə də o, müqaviləni uzatmağa çalışmayacaq. Biz uzunmüddətli perspektivdə komandaya rəhbərlik edəcək və Avropa çempionatına vəsiqə qazanmağa kömək edəcək məşqçinin axtarışına başlayacağıq”, – deyə Mann bildirib.

Federasiya rəsmisi van’t Sxipin maaşının onun sələfi Talqat Baysufinovun qazancı ilə eyni olduğunu da açıqlayıb:

“Con bura gəlməyə və Talqatın aldığı maaşı almağa qərar verdi”.

Van’t Sxip Qazaxıstan millisinin baş məşqçisi vəzifəsinə bu il avqustun 7-də təyin olunmuşdu. 61 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda Millətlər Liqasında 6 oyun keçirib və heç bir qələbə qazana bilməyib.

Qazaxıstan Moldovaya hər iki oyunda – 1:2 hesabı ilə uduzub. Komanda Slovakiya ilə səfərdə 1:2 hesablı məğlubiyyətlə üzləşib, Farer adaları ilə iki dəfə – 1:1 və 2:2 hesablı heç-heçə edib. Slovakiya ilə ev qarşılaşması isə 2:2 hesabı ilə başa çatıb.

Beləliklə, Qazaxıstan UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda 3 xal toplayaraq sonuncu – 4-cü pilləni tutub.

Qeyd edək ki, van’t Sxip daha əvvəl Niderlandın “Ayaks” klubunda, Yunanıstan millisində və müxtəlif digər komandalarında baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: