Fransa millisinin sabiq üzvü, hazırda “Orlando Siti”də çıxış edən Antuan Qrizmann MLS-də 2026-cı ilin ən yaxşı yeni futbolçusu seçilib.
Arena.az bu barədə turnirin mətbuat xidmətinə istinadən xəbər verir.
“Orlando Siti”nin hücumçusu “MLS Newcomer of the Year” mükafatına layiq görülüb. Bu, Qrizmannın MLS-də ilk mövsümündə qazandığı əsas fərdi mükafatdır. O, səsvermədə Hyuston “Dinamo”sunun futbolçusu Gilyermeni və “Sportinq”in (Kanzas Siti) hücumçusu Andre Luizi geridə qoyub.
Qrizmann 2026-cı ilin martında “Orlando Siti” ilə müqavilə imzalayıb və iyulun 22-də MLS-də debüt edib. Mövsümün ikinci yarısında 18 oyuna start heyətində çıxan 35 yaşlı futbolçu 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 22 qol töhfəsi komandanın mövsüm ərzində vurduğu 63 qolun 32,9 faizini təşkil edib.
Fransalı futbolçu MLS tarixində mövsümün ikinci yarısında komandaya qoşularaq ən azı 20 qol töhfəsi verən ilk yay transferi olub. O, həmçinin liqa tarixində 20 qol töhfəsinə ən sürətli çatan ikinci futbolçudur – bu göstəriciyə 15 oyunda nail olub. Yalnız Lionel Messi bunu daha tez, 14 matçda bacarıb.
Qrizmann bu mövsüm “Orlando Siti” ilə pley-offa vəsiqə qazanıb. O, bundan əvvəl MLS-də oktyabr/noyabr aylarının ən yaxşı futbolçusu da seçilmişdi. Beləliklə, fransalı ulduz ABŞ-dakı ilk mövsümündə artıq iki fərdi mükafata sahibdir.
Qeyd edək ki, Antuan Qrizmann “MLS Newcomer of the Year” mükafatını qazanan ilk fransalı futbolçu olmaqla yanaşı, “Orlando Siti” tarixində də bu mükafata sahib çıxan ilk oyunçudur. O, həmçinin 2018-ci il dünya çempionundan sonra bu mükafatı qazanan ikinci dünya çempionudur.


