Basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının (AÇ-2029) seçmə mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, A qrupunda yer almış millimiz 3-cü tur çərçivəsində İslandiyanın qonağı olub.
Hafnarfyordurdakı “Asvellir” İdman Kompleksində keçirilən qarşılaşma Azərbaycan millisinin ağır məğlubiyyəti ilə başa çatıb – 41:129.
İslandiya ilk hissədən üstünlüyünü ortaya qoyub. Meydan sahibləri birinci periodu 30:11, ikinci periodu isə 22:11 hesabı ilə qazanıblar. Fasilədən sonra da üstünlük islandiyalı basketbolçularda olub – 47:10 və 30:9.
Azərbaycan millisində ən məhsuldar oyunçu 8 xalla Dina Ulyanova olub. Şilan Akbinkel, Mədinə Məmmədova və Ancelina İsmayılova 7, Denis Gökçel 6, Qalina Quşina 3, Leyla Allahverdiyeva 2, Sitarə Abbasova isə 1 xal toplayıblar.
Beləliklə, Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi üç oyunun hamısında məğlub olub. Komandamız bundan əvvəl İsveçrəyə 33:84, İrlandiyaya isə 73:91 hesabı ilə uduzub.
Üç turdan sonra İslandiya 6 xalla A qrupuna başçılıq edir. İsveçrənin 5, İrlandiyanın 4, Azərbaycanın isə 3 xalı var.
Basketbol millimizin növbəti oyunları 2027-ci ilin fevralında baş tutacaq.


