Mixaylo Mudrik: “Dopinq orqanizmimə yalnız millidə düşə bilərdi”

Mixaylo Mudrik orqanizmində aşkarlanan meldoniumun onun orqanizminə yalnız Ukrayna millisinin düşərgəsində olduğu vaxt düşə biləcəyini iddia edib.

Arena.az xəbər verir ki, hazırda icarə əsasında “Tottenhem”də çıxış edən “Çelsi”nin ukraynalı futbolçusu bu barədə jurnalist Dmitri Qordona müsahibəsində danışıb:

“Bu, yalnız Şərqi Avropada əldə edilə bilən preparatdır. Mənim orqanizmimə yalnız Ukraynada düşə bilərdi. İngiltərədə belə preparatlar yoxdur. Həmin vaxt Ukraynaya yalnız milliyə görə gedirdim. Millidə bu maddənin orqanizmimə necə düşə biləcəyi ilə bağlı variantları saymaq üçün iki əlin barmaqları belə kifayət etməz”, – Mudrik bildirib.

Futbolçu Ukrayna millisində qida əlavələri və preparatların istifadəsinə nəzarət sisteminin klublardakı qədər ciddi olmadığını da iddia edib:

“Ukrayna millisində klublarda olduğu səviyyədə qorunma sistemi ümumiyyətlə yoxdur. Millidə dietoloq var. O, yalnız oyunlardan əvvəl bizə tabletlər vermir, iki gündən bir hər birimizə bir stəkan içki gətirir və hamı onu içməlidir”, – Mudrik deyib.

Qeyd edək ki, “Çelsi” 2024-cü ilin dekabrında Mudrikin dopinq testindən keçmədiyini təsdiqləmişdi. Futbolçunun orqanizmində meldonium aşkarlanmışdı. Bundan sonra İngiltərə Futbol Assosiasiyası (FA) onu yarışlardan kənarlaşdırıb.

2026-cı ilin aprelində FA Mudriki dörd il müddətinə diskvalifikasiya etmişdi. İş daha sonra İdman Arbitraj Məhkəməsinə (CAS) çıxarılıb. İyulun 31-də isə FA Mudrikə tətbiq edilən diskvalifikasiyanı aradan qaldırıb. Tərəflər Ümumdünya Antidopinq Agentliyinin (WADA) razılığı ilə intizam prosesini başa çatdırıblar. Razılaşma çərçivəsində Mudrik dopinq qaydasının pozulmasını qəbul edib və artıq çəkdiyi müddətə bərabər cəza ilə razılaşıb.

Mixaylo Mudrik 2023-cü ilin yanvarında Donetsk “Şaxtyor”undan “Çelsi”yə keçib. London klubu onun transferi üçün 70 milyon avro ödəyib, müqavilədə əlavə 30 milyon avroya qədər bonusların nəzərdə tutulduğu bildirilir.

Bu transfer Ukrayna futbolu tarixində rekord olaraq qalır. Mudrikdən əvvəl rekord “Şaxtyor”dan 2018-ci ildə 59 milyon avroya “Mançester Yunayted”ə keçən braziliyalı Fredə məxsus idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: