Futbol üzrə İspaniya millisinin heyətində dünya və Avropa çempionu olmuş Xuan Mata peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bəzən sevmək buraxmaq deməkdir. Təşəkkürlər, futbol”, – deyə Mata yazıb.
Xuan Mata peşəkar karyerasına İspaniyada başlayıb. O, “Real” və “Valensiya”nın formasını geyinib. Daha sonra İngiltərədə “Çelsi” və “Mançester Yunayted”də çıxış edib. Mata həmçinin Türkiyənin “Qalatasaray”, Yaponiyanın “Vissel Kobe”, Avstraliyanın “Sidney” və “Melburn” klublarında oynayıb.
İspaniyalı yarımmüdafiəçi ən böyük uğurlarını “Çelsi”də qazanıb. O, London klubunun heyətində UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.
Mata 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub. İki il sonra isə yığma ilə Avropa çempionatında qızıl medal qazanıb.
O, İspaniya millisində ümumilikdə 41 oyun keçirib və 10 qol vurub.
Xuan Mata karyerası ərzində həmçinin İngiltərə kuboku, Liqa Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla bir sıra digər titullara sahib çıxıb.


