Kurban Berdıyev: “Azlıqda qalsaq da, xarakter göstərdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gözlədiyimiz kimi, ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvsiz olmadı. Amma istənilən halda qələbə yaxşıdır. Azlıqda qalandan sonra uşaqlar xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir.

Xorxe Silvanın yersiz qırmızı vərəqə almasına gəlincə, bu, yolverilməzdir. İstənilən halda oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat var idi. Belə təxribatlara cavab vermək olmaz.

Joarlem Santosun durumuna gəlincə, hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olar”.

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Maraqlı oyun oldu. Təəssüf ki, uduzduq. Birinci hissədə uşaqlar yaxşı mübarizə apardılar. Rəqibə qol vəziyyəti yaratmaq üçün imkan vermədik. İkinci hissədə psixoloji tarazlıq pozuldu. Oyun üslübumuzda müəyyən axsamalar oldu. Belə hallara hazır olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Amma biz daha güclü olmalıyıq.

Emin Əliyev gənc hakimlərimizdəndir. Səhv hamıda olur. Biz də səhv edə bilirik. Bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrisə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm.

Komanda qol vurmağa tələsdi. Hücuma atıldıq. Gözlədiyimiz başımıza gəldi. “Turan Tovuz”un futbolçularının fərdi keyfiyyətlərini bilirik. Fərdi keyfiyyətin nəticəsində də qol vurdular. Sevindirici hal odur ki, gənc futbolçu Hacıəli Şirəliyev bu gün debüt etdi. Buna sözün əsl mənasında sevinirəm.

Yunis Hüseynov veteran futbolçularımızdandır. Meydanda bəzi şeyləri düzgün görməyib. O, elə düşünürdü ki, mən azarkeşləri qızışdırıram. Buna görə mənə iradını bildirdi. Məsələ bitdi. Azarkeşlərdən xahiş etdim ki, hakimlərə nəsə deməsinlər, ancaq komandamıza dəstək olsunlar. Həmişə düzgün nədirsə, onun arxasındayam”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: