Rəşad Sadıqov: “Rəqibə epizod vermədən 2 qol buraxdıq”

“Zirə”nn baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Rəşad Sadıqov görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesab arasındakı fərqin daha da böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Ssenari fərqli olsaydı, “İmişli” ilə matçda qazanılan 1 xal uğurlu hesab oluna bilərdi. Amma yaxşı oyunla 2:0 öndə olanda… Qəribə alındı. Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbədən ikisi qolla nəticələnir. Belə statistika olanda qələbə qazanmaq çətindir. Növbəti oyunlarda vəziyyəti dəyişməyə çalışacağıq”.

Rəşad Sadıqov penalti epizodlarına da münasibət bildirib və hakimlərdən narazılığını gizlətməyib:

“Ətraflı baxmamışıq. Daha sonra baxacağıq. Çox da uzun-uzadı şərh etmək istəmirəm. Amma son dəqiqələrdə yersiz xırda foullar verilirdi və oyunun tempi düşürdü. Artırılan vaxtın da 3 dəqiqə olması doğru deyil. Dünya futbolunda oyunlara 5-6 dəqiqə artırıldığını görürük. İki penaıtiyə görə VAR-a baxılmışdı, vaxt itkisi olmuşdu. Bunlar nəticəyə təsir edəcək şeylər deyil, amma oyunun gedişatına təsir edir”.

“Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək”

Mütəxəssis hakim qərarlarına etiraz etməməsinin səbəbini də açıqlayıb:

“Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Oyunlarda elə məqamlar olur ki… Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki, davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüf ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik”.

Rəşad Sadıqov Azərbaycan millisinin son nəticələrini müsbət qiymətləndirib, həmçinin Emin Mahmudovun yığmadakı karyerasını başa vurmasına münasibət bildirib:

“Qrupu birinci yerdə başa vurdular. Ayxan Abbasovu təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular. Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olması təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq”.

“Minimum 1 xal qazanmağa layiq idik” – Ervin Perkon

“İmişli”nin məşqçisi Ervin Perkon isə heç-heçəyə belə şərh verib:

“İki fərqli hissə oldu. İlk yarı istədiyimiz kimi olmadı. Hücumda təzyiq göstərə bilmədik. Oyunçular üzərlərinə düşən fiziki tapşırığı tam yetirə yetirə bilmədilər. Taktiki səhvlər də var idi. İkinci hissə daha yaxşı idik. Sonradan meydana girən futbolçular oyunumuza güc qatdılar. Taktiki düzülüşü dəyişdik. Onların sayəsində daha yaxşı oynadıq. Hesabda geridə olanda ruhdan düşmədik. Bilirdik ki, qol vura bilərik. Hamı buna inanırdı. Buna görə də qol vurduq. Minimum 1 xal qazanmağa layiq idik. Təbii ki, məqsədimiz 3 xal qazanmaq idi. Amma oyunun gedişatına görə 1 xal da pis nəticə deyil”.

Perkon komandasında milli komandaya dəvət ala biləcək yerli futbolçuların olduğunu da vurğulayıb:

“Millinin baş məşqçisinin öz qərarları var. Kimin çağırılacağını o müəyyən edir. Komandamızda olan yerli futbolçuların hamısı yığmaya çağırılmağa namizəddir. Bu gün start heyətində yer alan oyunçular millidə oynamaq potensialına malikdirlər. İkinci hissədəki oyunu göstərsələr, öz üzərlərində işləsələr, yığmaya çağırıla bilərlər. Milli komandanın baş məşqçisi ilə bu barədə danışmamışam. Amma futbolçularla danışmışam. Onlara demişəm ki, milliyə çağırılmamağınız sizin üçün motivasiya olmalıdır. Hər oyunda səy göstərmək, bütün gücü meydanda qoymaq lazımdır. Həmçinin stabil oynamaq lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: