Rui Jorje: “Futbolçuların inkişaf etmələri məni sevindirir”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje İraq yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda İraqın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşmış U-20 millimiz 2:1 hesablı qələbəyə sevinib.

Rui Jorje oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər. Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.

Xatırladaq ki, bu komandalar arasında noyabrın 17-də Sumqayıtda keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi – 0:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: