Mahir Emreli “Vidzev”ə qarşı 77 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində növbəti çempionat oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Polşa çempionatının 2026/2027-ci illər mövsümünün 15-ci turu çərçivəsində keçirilmiş “Vidzev”lə qarşılaşmanın iştirakçısı olub.

“Rakuv” doğma meydanda baş tutmuş görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. Mahir bu görüşə start heyətdə başlayıb və 77-ci dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.

“Rakuv” cari mövsümdə keçirdiyi 15 oyunda 5 qələbə qazanıb, 10 məğlubiyyətə üzülüb. Komanda 15 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 22 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 65 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: