Qurban Qurbanov və Azər Məmmədovdan heç-heçəyə şərh

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə baş tutmuş görüşdə qapılara qol vurulmayıb – 0:0.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Buradakı atmosferə görə, “Kəpəz” rəhbərliyinə, azarkeşlərə, nümayiş etdirdiklərə futbola görə oyunçulara təşəkkür edirəm. Sanki Avropadaydıq, avrokubok matçındaydıq. Matçdan bir saat əvvəl meydana çıxmışdıq və həmin atmosferi artıq hiss edirdik. Əsl futbol üçün hər bir şərait var idi. Futbolçularım qələbə üçün sona qədər çalışdılar. Azarkeşlərimiz də burada idilər. Onlar da sona qədər dayanmadılar. Heç kim uduzmaq istəmirdi. “Kəpəz” göstərdiyi istəyə görə ən azından uduzmamağı haqq etdi. Özümüzə gəldikdə, qarşıdakı oyunlara daha pozitiv hazırlaşmağa çalışacağıq. Geriyə yol yoxdur. Rəqiblərin üzərinə getməliyik. Bizə qarşı həmişə hansısa sistem dəyişdirilir, istək çox böyük olur. Azarkeş marağı yüksəkdir. Bu da “Qarabağ”a verilən dəyəri göstərir. Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. Tədricən çempionatın gücünü tam hiss etməyə başlayırıq. Daha yaxşı, daha məsuliyyətli olmalıyıq”.

Qurban Qurbanov bəzi legionerlərin ehtiyatda qalmasına da aydınlıq gətirib:

“Bruno Lanqa və Renaldo Sefas millinin düşərgəsindən gəlmişdilər, uzun yol qət etmişdilər. Ehtiyat edirdik. Sefası meydana buraxanda da ehtiyat etdim. O, yeni-yeni komandaya öyrəşməyə başlayırdı, sonradan millinin düşərgəsinə yollandı. Bizimlə bir neçə gün olmadı. İstəyirdik ki, bu gün kollektivlə birlikdə oynasın, özünü daha rahat, sərbəst hiss etsin. Millidən gələn oyunçuları meydana buraxmağa ehtiyat edirdim. Çünki çoxu iki matçda oynamışdı. Reda Xadranı ümumiyyətlə meydana buraxmadım”.

Qurban Qurbanov Bəhlul Mustafazadənin geri qayıtmasına da toxunub:

“Bəhlul 8 aydır ki, meydanda yox idi. Millinin son fasiləsinə kimi yaxşı səviyyəyə gəlmişdi. Əvəzedici komandada da oynadı. Bu gün 60 dəqiqə oynamasını fikirləşirdim. Amma özü ilə danışdım. Özünü normal hiss edirdi. Sona yaxın yorulmuşdu. İnanıram ki, bir şey olmaz. Topu qapıdan çıxarmasına gəldikdə, onun ən yaxşı bacardığı keyfiyyətlərdən biridir. Rəqibdə də oxşar epizod oldu”.

“Heç-heçə ən ədalətli nəticə idi” – Azər Məmmədov

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə heç-heçə barədə bunları dilə gətirib:

“Bu gün Azərbaycan futbolunun tanınmasında həm məşqçi, həm də komanda kimi böyük töhfələr vermiş kollektivə qarşı oynayırdıq. Bizim üçün çox çətin və ağır matç oldu. Buna baxmayaraq, komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi. Etiraf edim ki, ilk hissədəki qol epizodlarımızdan yararlansaydıq, hətta hesabı aça və qələbə də qazana bilərdik. Eyni zamanda, “Qarabağ”ın da şansları oldu. Bu görüşün ən ədalətli nəticəsi elə heç-heçə idi və belə də bitdi.

Bu gün Gəncə stadionunun tribunalarını dolduran azarkeşlərimizə sonsuz təşəkkürümü bildirirəm. Onların dəstəyini hər an hiss edirdik. Komandamız ən yaxşı matçlarından birini keçirdi. Həm azarkeşlərə, həm də futbolçularıma bu gözəl atmosferə görə minnətdaram.

“Qarabağ”ı təhlil edərkən onların əsas gücünü cinahlarda görürdük. Cinahlarda həddindən artıq təhlükəli və yaradıcı futbolçuları var. “Qarabağ”ın həm “Qəbələ”, həm də “Turan Tovuz”la oyunlarını analiz etdik. Gördük ki, dördlü müdafiə ilə oynayan komandaların cinahlarında boşluqlar yaranır və “Qarabağ” o zonaları asanlıqla yarır. Beşli müdafiədə də tamamilə yara bilmirlər deməzdim, amma dördlü ilə müqayisədə daha çox çətinlik çəkirlər. Biz də düşündük və milli fasiləsindən etibarən məşqlərə beşli müdafiə üzərində başladıq, 5-3-2 sistemi ilə hazırlaşdıq. İlk dəfə bu sxemlə çıxış etməyimizə rəğmən, komanda özünü çox yaxşı göstərdi.

Məni sevindirən əsas məqamlardan biri odur ki, bu gün qol buraxmadıq. Ümumiyyətlə, son oyunlarda az top buraxırıq. Bunun səbəblərindən biri də məhz kompakt müdafiə quraraq əks-hücumlarda rəqibi cəzalandırmağa çalışmağımızdır. Razıyam, birinci hissədə yaxşı imkanlarımız oldu. İkinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu yarandı. Lakin etiraf edim ki, heyətimizdə o qədər geniş ehtiyat qüvvə yoxdur ki, hər matçda geniş rotasiyalar edək. Təxminən yeddi-səkkiz futbolçumuz demək olar ki, hər oyunda meydanda olur. Buna görə də yorğunluq qaçılmazdır. Hər halda, futbolçuların tez bərpa olunması üçün çalışır və gücümüz çatdığı qədər bu tempdə irəliləməyə cəhd edirik”.

“Avrokuboklara vəsiqə qazansaq, sensasiya olacaq”

Azər Məmmədov azarkeşlərin uğurlu nəticələr fonunda komandanın avrokuboklara vəsiqə qazanmasını istəməsinə də münasibət bildirib:

“Müasir futbolda maliyyə həlledici rol oynayır. Bizim büdcəmiz bəllidir və buna uyğun olaraq maksimum nəticə göstərməyə çalışırıq. Qorxuram ki, bu ab-hava klubun içinə sıçrasın və komandada eyforiya yaratsın. Biz mövsümün əvvəlində qarşımıza qoyduğumuz əsas hədəfə çatmaq üçün mübarizə aparırıq. Həmin məqsədə çatdıqdan sonra, əlbəttə, kim istəməz ki, daha irəli getsin? Əgər azarkeşlərin arzuladığı kimi avrokuboklara vəsiqə qazana bilsək, bu, böyük sensasiya olar. Ən sevindirici hal isə odur ki, bu gün artıq heç kim “Kəpəz”ə qarşı asan qələbə haqqında düşünmür. Komandamızla hesablaşırlar, onu seçirlər. Bu amil həm “Kəpəz”, həm də Gəncə üçün vacibdir; futbolçulara inam və güvən verir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: