Futbol üzrə Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Ukrayna Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 13-cü turu çərçivəsində “Veres Rivne” ilə qarşılaşıb.
Çernovtsı təmsilçisi səfər oyunundan inamlı qələbə ilə ayrılıb – 3:1. Renat bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
“Bukovina” 13 turdan sonra 16 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda 13 oyunda 3 qələbə qazanıb, 7 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu ilin yayında azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər “Bukovina”nın heyətində 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.
Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.
Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.


