İdman Arbitraj Məhkəməsi (CAS) futbol üzrə Afrika Millətlər Kubokunun 2025-ci il mövsümünün qalibi ilə bağlı mübahisədə yeni qərar verib.
Arena.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi Seneqal Futbol Federasiyasının apellyasiyasını təmin edib və Mərakeş yığmasının turnirin qalibi statusundan məhrum edilməsinə qərar verib. Çempionluq Seneqal millisinə qaytarılıb.
Afrika Millətlər Kubokunun finalı 2026-cı il yanvarın 18-də keçirilib. Qarşılaşmada Seneqal əlavə vaxtda Mərakeşi 1:0 hesabı ilə məğlub edib. Lakin daha sonra Seneqal futbolçularının hakimdən icazə almadan 10 dəqiqədən çox müddətə meydanı tərk etməsi səbəbindən görüşün nəticəsi ləğv olunub və çempionluq Mərakeşə verilib.
Seneqal Futbol Federasiyası bu qərarla razılaşmayaraq CAS-a müraciət edib. Məhkəmə isə apellyasiyanı təmin edərək turnirin qalibi kimi Seneqal yığmasını tanıyıb.
Seneqal Futbol Federasiyasının prezidenti Abdulaye Fall qərarı ədalətin bərpası kimi qiymətləndirib. O, Mərakeş Futbol Federasiyası və Mərakeş xalqı ilə dostluq münasibətlərinin davam etdiyini vurğulayıb.
Bununla belə, Mərakeş tərəfi CAS-ın qərarı ilə razılaşmır. Mərakeş Futbol Federasiyası qərardan narazılığını bildirib və bütün mümkün hüquqi vasitələrdən istifadə etməklə onu mübahisələndirmək niyyətində olduğunu açıqlayıb.
Mərakeş federasiyası hesab edir ki, qərar futbolçuların hakimin icazəsi olmadan meydanı tərk etməsi ilə bağlı IFAB və FIFA-nın son vaxtlar qəbul etdiyi yanaşmanı və bundan irəli gələn intizam tədbirlərini nəzərə almayıb.
Beləliklə, yanvar ayında Seneqalın qazandığı, daha sonra Mərakeşə verilmiş Afrika çempionluğu yenidən Seneqal yığmasına qaytarılıb. Lakin Mərakeş tərəfinin yeni hüquqi addımlar atacağı təqdirdə mübahisənin davam etməsi gözlənilir.


