ÇL: “Sabah” “Barselona”nı qəbul edir!

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/27 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Bakı klubu ÇL-in Liqa mərhələsinin 5-ci turunda İspaniya çempionu “Barselona” ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi nəinki İspaniyanın, dünyanın nəhənglərindən hesab edilən bu rəqibini Bakıda qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Nikolas Uolş olacaq. Ona həmyerliləri Frensis Konor və Deniel Makfarleyn kömək edəcəklər. Donald Robertson dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Endryu Dallas, AVAR hakimi isə Stiven Maklin təyin olunub.

Xatırladaq ki, “bayquşlar” liqa mərhələsinin əvvəlki oyunlarında yalnız Çexiya təmsilçisi “Slaviya”nı (Praqa) doğma meydanda 2:0 hesabıyla məğlub edib. Azərbaycan çempionu İngiltərənin “Mançester Yunayted” komandasına səfərdə 0:4, Almaniyanın “Borussiya” (Dortmund) komandasına evdə 1:2, Norveçin “Vikinq” komandasına isə səfərdə 1:4 hesabı ilə uduzub.

“Barselona” isə əsas mərhələnin geridə qalmış 4 turunda 3 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb və topladığı 9 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Azərbaycan çempionu isə ilk dəfə qatıldığı qitənin ən nüfuzlu klub yarışında hazırda 3 xalla 31-ci sıradadır.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur

25 noyabr

21:45. Sabah – Barselona
Hakimlər: Nikolas Uolş, Frensis Konor, Deniel Makfarleyn, Donald Robertson (Hamısı Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Stiven Maklin (Şotlandiya).
Bakı Olimpiya Stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: