Azərbaycanın futbol klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı stadionlara ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Arena.az xəbər verir ki, bununla bağlı AFFA tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.
Qeyd edək ki, Azərbaycanı bu il avrokuboklarda son ölkə çempionu “Neftçi”, eləcə də “Qarabağ”, “Keşlə” və “Sumqayıt” təmsil edir. “Neftçi” artıq UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə səfər oyununu keçirib. Paytaxt klubu səfərdə 2:1 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 14-də “Bakcell Arena”da keçiriləcək. Bu görüşə saat 21:00-da start veriləcək.
Digər klublarımız isə Avropa Konfrans Liqasında mübarizə aparacaq. Təmsilçilərimizin hamısı bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Qarabağ” İsrailin “Aşdod”, “Sumqayıt” Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq. “Sumqayıt” ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bir gün sonra “Keşlə” də Rusiya klubunun qonağı olacaq. “Qarabağ” isə həmin gün doğma meydanda İsrail təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu iki oyunun start fiti isə saat 20:00-da səslənəcək.


