Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri və ilk oyunların proqramı açıqlanıb.
Arena.az xəbər verir ki, növbəti mərhələdə iki gün ərzində 13 matç keçiriləcək. İlk oyun günündə altı, ikinci oyun günündə isə 7 qarşılaşma baş tutacaq.
Startda Gürcüstanın “Dinamo” (Tiflis) komandasını mübarizədən kənarlaşdırmış “Neftçi” növbəti raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq. Yunanıstanda baş tutacaq və iyulun 21-də keçiriləcək bu matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Mübarizəyə bu mərhələdən başlayacaq Türkiyənin “Qalatasaray” klubu da həmin gün Niderlandda PSV-nin qonağı olacaq. Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu “Legiya”nın 2-ci mərhələdəki rəqibi “Flora” (Estoniya) olacaq. Hər iki oyun “Neftçi”nin matçı ilə eyni vaxtda başlayacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları 27-28 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
20 iyul
19:00. Alaşkert (Ermənistan) – Şerif (Moldova)
20:00. Linkoln (Cəbəllütariq) – ÇFR (Rumıniya)
22:00. Ferentsvaroş (Macarıstan) – Jalgiris (Litva)
22:00. Dinamo (Zaqreb, Xorvatiya) – Omoniya (Kipr)
22:30. Rapid (Vyana, Avstriya) – Sparta (Praqa, Çexiya)
22:45. Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)
21 iyul
18:00. Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)
21:00. Malmö (İsveç) – HİK (Finlandiya)
22:00. Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan)
22:30. Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə)
23:00. PSV (Niderland) – Qalatasaray (Türkiyə)
23:00. Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan)
23:00. Legiya (Polşa) – Flora (Estoniya)


