Martkin Şkrtel ölkəsinə döndü

Futbol üzrə Slovakiya milli komandasının sabiq müdafiəçisi Martin Şkrtel özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bundan sonra karyerasını öz ölkəsində davam etdirəcək.

Belə ki, təcrübəli mərkəz müdafiəçisi Trnava “Spartak”ı ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, Martin Şkrtel peşəkar futbolçu karyerasına ölkəsinin digər klubu “Trençin”də başlayıb. 2004-cü ildə isə o, Rusiyanın “Zenit” klubuna transfer olunub. 2008-ci ildə Sankt-Peterburq təmsilçisindən İngiltərə nəhəngi “Liverpul”a transfer edilən müdafiəçi, 2016-cı ilə qədər bu komandanın uğurları üçün çalışıb. 2016-2019-cu iillərdə “Fənərbaxça”da çıxış etdikdən sonra “Atalanta”ya üz tutan futbolçu, qısa müddət içində İtaliya klubu ilə müqaviləsinə xitam verərək Türkiyə Super Liqasının digər təmsilçisi “Başakşəhər”ə gəlib. O, 2019-cu ildən məhz İstanbul klubunun uğurları üçün çalışırdı.

Slovakiya yığmasında 104 oyuna çıxan futbolçu, bu görüşlərdə 6 qola da imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: