Orxan Qurbanlı oynamadı, “Dinamo-Avto” evdə xal itirdi

Futbol üzrə Moldova çempionatında 8-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zimbru” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 3:3.

Orxan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo-Avto” 8 turdan sonra 5 xalla 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: