Azərbaycan millisinin heyəti açıqlandı – De Byazi 25 futbolçu seçdi

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsindəki növbəti 3 oyun üçün heyəti açıqlanıb. Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi sentyabrdakı oyunlara 25 futbolçu dəvət edib.

Bu futbolçular DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə görüşlərdə De Byazinin sərəncamında olacaqlar.

İtalyan mütəxəssis bir neçə gün öncə yoxlama xarakterli təlim-məşq toplanışına çağırdığı 20 futbolçudan 10-nu heyətdə saxlayıb. “Qarabağ”ın 9, “Neftçi”nin 1 futbolçusu, həmçinin ölkə xaricində çıxış edən 5 oyunçu da onlara qoşulub.

Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu var.

Qeyd edək ki, Azərbaycan millisinin Lüksemburq və İrlandiya yığmaları ilə oyunları səfərdə baş tutacaq. Portuqaliya seçməsi ilə qarşılaşma isə Bakıda keçiriləcək.

Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehdi Cənnətov (“Zirə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);

Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov (hamısı “Qarabağ”), Təmkin Xəlilzadə, Sərtan Taşkın (hər ikisi “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Azər Salahlı (“Keşlə”), Anton Krivotsyuk (“Visla”, Polşa);

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Qara Qarayev, Filip Ozobiç (hər üçü “Qarabağ”), Vüqar Mustafayev, Rəhim Sadıxov (hər ikisi “Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna);

Hücumçular: Mahir Emreli (“Legiya”, Polşa), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Əli Qurbani (“Sumqayıt”), Ramil Şeydayev (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: