Qurban Qurbanov: “Bazel”ə qarşı oyunumuzdan tam razı qaldım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində “Bazel”ə (İsveçrə) qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Bu gün çatışmayan bircə qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istəyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Uğur qazanmaq istəyiriksə, hər futbolçumuz daha çox əziyyət çəkməlidir.

Qələbə qazanmağı çox istəyirdik. Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur.

“Bazel” bizim “Neftçi” ilə oyunumuza baxıb. Bu üzdən də onlar İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırmışdılar. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. Hazırda transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam.

Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq.

Xayme Romero zədə səbəbindən əvəzləndi. Qaspar Panadero isə hələlik idman formasından çox uzaqdır. İndilərdə formasını bərpa etməyə başlayıb. Bu səbəbdən Marko Vesoviçi oyuna daxil etdik. Bacarıqlı və universal futbolçudur”.

Qurban Qurbanov matçın sonlarında hücumçu Ramil Şeydayevin əldə etdiyi yüzfaizlik qol şansından da danışıb: “Ramil çox əziyyət çəkən və işgüzar futbolçudur. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o hissləri keçirdim (gülür). Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: