Mahir Emreli “Napoli”yə də qol vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Varşava təmsilçisi bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda İtaliyanın “Napoli” komandası ilə üz-üzə gəlib.

Ötən tur bu rəqibinə səfərdə 0:3 hesabıyla uduzan Polşa çempionu, doğma meydanda da 1:4 hesablı məğlubiyyətə üzülüb.

Mahir Emreli start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz azərbaycanlı hücumçu vurub. O, 10-cu dəqiqədə Filip Mladenoviçin ötürməsini dəqiq zərbəylə tamamlayıb. “Legiya” ilk yarını 1:0 öndə bitirsə də, fasilədən sonra “Napoli”nin təzyiqlərinə tab gətirə bilməyib.

“Legiya” 4 turdan sonra yer aldığı C qrupunda 6 xalla ikincidir. “Napoli” isə 7 xalla ilk pillədə qərarlaşıb.

Xatırladaq ki, “Legiya” Polşa çempionatında da son turlarda uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Hətta komandanın uğursuz çıxışında azərbaycanlı hücumçu da əsas günahkarlardan biri hesab olunur. Halbuki, komandanın cari mövsümdə ən məhsuldar futbolçusu elə Mahirdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: