“Sabah” Saşa Stamenkoviç ilə vidalaşdı

“Sabah” qapıçısı Saşa Stamenkoviç ilə yollarını ayırır. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, uzun müddətdir bu komandanın uğurları üçün çalışan Stamenkoviç “Səbail”lə oyundan sonra “Sabah”la yollarını ayıracaq. Serbiyalı qapıçının klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.

Saşa Stamenkoviç 2018-ci ildən bu komandanın uğurları üçün çalışır. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.

“Sabah” Saşaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında və həyatda uğurlar arzulayıb.

Stamenkoviç daha öncə Azərbaycanda “Neftçi”nin də uğurları üçün çalışıb. O, 2011-2015-ci illər aralığında “ağ-qaralar”ın formasını geyinib. 36 yaşlı qolkiper karyerası ərzində “Duboçiça”, “Radniçki” “Napredak”, “Srvena Zvezda”, “Kerkira” və “Okjetpes” klublarında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: