Türkiyənin “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Volkan Dəmirəl çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İlk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək 40 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. O, buna qədər yalnız “Fənərbaxça”da köməkçi-məşqçi kimi işləyib.
Volkan Dəmirəl baş məşqçi postunda ötən gün istefaya göndərilmiş Françesko Fariolini əvəz edib. İtaliyadan olan 32 yaşlı məşqçi bu ilin martından İstanbul təmsilçisinə rəhbərlik edirdi. Onun istefasına komandanın son turlardakı uğursuz nəticələri səbəb göstərilib. “Fatih Karagümrük” Super Liqada bu mövsüm 16 oyuna topladığı 22 xalla 11-ci pillədə qərarlaşıb.
Sonda onu da xatırladaq ki, Volkan Dəmirəl futbolçu karyerası dövründə yalnız “Kartalspor” və “Fənərbaxça” klublarının formasını geyinib. Keçmiş qapıçı uzun illər Türkiyə millisinin də uğurları üçün çalışıb.


