UEFA Çempionlar Liqasının bu mövsüm keçirilməli olan final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, bu gün Avropa futbol qurumunun İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib. Buna Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu səbəb olub. Dünyanın aparıcı ölkələrinin Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdiyi bir dövrdə UEFA da hərəkətsiz qalmayıb. Belə ki, İcraiyyə Komitəsindəki müzakirələrdən sonra ÇL-in final matçının Rusiyadan alınmasına qərar verilib.
Yeni qərara əsasən, ÇL-in bu mövsümkü finalı Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Belə ki, həlledici qarşılaşma mayın 28-də Parisdəki “Stad de Frans”da baş tutacaq. Matç öncədən nəzərdə tutulduğu kimi, Avropa vaxtı ilə saat 21:00-da start götürəcək. Bununla da Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.
UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirlərin təxirə salındığını da açıqlayıb. Bura klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva “Spartak”ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.
Martın 24-də Moskvada Rusiya və Polşa arasında oynanılacaq dünya çempionatının pley-off mərhələsinin yarımfinal görüşünün də başqa ölkədə keçirilməsi nəzərdə tutulub. Qitə futbol qurumu bunun üçün FİFA-ya təzyiq göstərmək niyyətindədir. Böyük ehtimalla bu oyun da Rusiyada keçirilməyəcək.


