“Sabah” yarımmüdafiəçisi Aleksey İsayev ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin may ayına kimidir. Əvvəlki sözləşmənin müddəti bu ilin iyun ayında başa çatacaqdı.
Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.
“Sabah” İsayevdən öncə Boyan Letiçlə də yeni müqavilə imzalamışdı. Slavik Alxasov, Şpiro Periçiç və Xulio Sezar Rodriqeslə yollarını ayıran paytaxt klubu, “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib.


