Futbol üzrə Slovakiya milli komandasının baş məşqçisi Ştefan Tarkoviç istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bu gün Slovakiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin növbədənkənar iclası baş tutub. İclasda Ştefan Tarkoviçin istefası məsələsi səsə qoyulub. İK-nın bütün üzvləri onun postundan göndərilməsinə razı olub.
Xəbərdə bildirilir ki, istefaya komandanın ötən ilin payızından bəri keçirdiyi oyunlarda qeydə alınan uğursuz nəticələr səbəb olub. Yığmanın UEFA Millətlər Liqası çərçivəsində ötən gecə Qazaxıstana doğma meydanda 0:1 hesabıyla uduzması isə istefanı qaçılmaz edib.
Slovakiya yığmasını UEFA Millətlər Liqasında qarşıdakı Azərbaycan (10 iyun) və Qazaxıstanla (13 iyun) səfər oyunlarına Samuel Slovak – Marek Mintal duetinin hazırlayacağı diqqətə çatdırılıb. Komandanın yeni baş məşqçisinin isə yayda müəyyənləşəcəyi bildirilib.
Ştefan Tarkoviç 2020-ci ildən Slovakiya yığmasını çalışdırırdı. Komanda onun rəhbərliyi altında AÇ-2020-də mübarizə aparıb. Bu komanda Millətlər Liqasının yeni mövsümündəki ilk matçında Belarusa Serbiyada 1:0 hesabıyla qalib gəlmişdi.


