“Beşiktaş” Cekson Mulekanı transfer etdi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Belçiktanın “Standard” (Lyej) klubunun hücumçusu Cekson Mulekanı transfer edib.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Konqolu futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Beşiktaş” bu keçidə görə “Standard”a 3 milyon 350 min avro ödəniləcəyini açıqlayıb. 22 yaşlı forvardın özü isə yeni klubunda ilinə 1 milyon avro qazanacaq.

Cekson Muleka Konqonun “Mazempe” klubunun yetirməsidir. O, 2020-ci ildən “Standard” klubunun uğurları üçün çalışırdı. Lakin gənc forvard geridə qalan mövsümün ikinci yarısında – bu ilin əvvəlində Türkiyənin “Kasımpaşa” klubuna icarəyə verilmişdi. O, bu komandanın heyətində keçirdiyi 14 oyunda 12 qola imza atıb. Futbolçunun “Standard” karyerası isə 54 matç və 15 qoldan ibarətdir.

Muleka Konqo yığmasında da forma geyinir. O, ölkəsinin əsas komandasında meydana çıxdığı 7 oyunda 3 qol vurub.

“Beşiktaş” daha öncə Cenk Tosun, Romen Saiss, Jedson Fernandes və Vout Veqhqorstu da transfer etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: