Türkiyəli yarımmüdafiəçi Doğan Ərdoğan “Qaziantep” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderlandın “Fortuna” (Sittard) klubuna transfer olunub.
Bu barədə onun yeni klubu məlumat yayıb. Dayaq yarımmüdafiəçisi Niderland təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, bu, “Fortuna”nın yeni mövsüm öncəsi heyətinə qatdığı ikinci türk futbolçudur. Sittard təmsilçisi bir müddət öncə Fransanın “Lill” klubundan ayrılan Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazla da müqavilə bağlamışdı.
Doğan Ərdoğan “Samsunspor”un yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. 2015-ci ildə Avstriyanın LASK klubuna transfer olunan futbolçu, bu ölkənin “Juniors OÖ” komandasında da yarım mövsüm forma geyinib. 2019-cu ildə LASK-dan ayrılan yarımmüdafiəçi Türkiyəyə qayıdıb və “Trabzonspor”la müqavilə bağlayıb. Burada bir mövsüm keçirdikdən sonra o, “Rizəspor”a üz tutub. O, 2021-ci ilin yayında “Qaziantep”ə transfer olunmuşdu. O, bu komandanın heyətində 31 rəsmi matça çıxıb.
Yeri gəlmişkən, “Qaziantep” də heyətinə yeni futbolçu cəlb edib. Super Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Marko Yevtoviçlə güclənib. Serbiyanın “Partizan” klubundan transfer olunmuş 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Marko Yevtoviç daha öncə Türkiyədə “Konyaspor”un da formasını geyinib. O, 2018-2021-ci illər aralığında bu klubun uğurları üçün çalışıb. Yevtoviç karyerası ərzində “Srem Yakovo”, “Sopot”, “Hayduk” (Kula), “Novi Pazar” və “Əl-Əhli” klublarının da formasını geyinib. Yarımmüdafiəçi Serbiya yığmasında da 1 oyuna çıxıb.



