Renat Dadaşov yenidən “Qrasshopper”də!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu bundan sonra İsveçrənin “Qrasshopper” komandasında forma geyinəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azərbaycanlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Almaniyada dünyaya göz açmış Renat Dadaşov bu ölkə futbolunun yetirməsidir. O, “Ayntraxt” (Frankfurt) və “Leypsiq” kimi klubların aşağı yaş qrupları üzrə komandalarında forma geyinib. Hücumçunun ilk peşəkar komandası isə Portuqaliya “Eştoril”i olub. O, 2018/2019 mövsümündə bu klubdakı çıxışı sayəsində “Vulverhempton”un maraq dairəsinə düşüb. İngiltərə təmsilçisi onu transfer edən kimi Portuqaliyanın “Pasuş de Ferreyra” komandasına icarəyə verib. 2020-ci ildə isə “Qrasshopper” onu icarəyə götürüb. Lakin o, bu komandada rəsmi oyuna çıxmadan ağır zədə aldığı üçün, İsveçrə təmsilçisindən ayrılmaq məcburiyyətində qalıb.

Geridə qalan mövsümdə isə Dadaşov Portuqaliyanın “Tondela” klubunda icarədə oynayıb. O, bu komandanın heyətində 30 matça çıxıb.

Azərbaycan millisinin də üzvü olan hücumçu, yığma komandada 16 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: