“Bayern” Kris Riçardsı “Kristal Pelas”a satdı

Almaniya çempionu “Bayern” müdafiəçisi Kris Riçardsı İngiltərənin “Kristal Pelas” klubuna satıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

ABŞ yığmasının da üzvü olan 22 yaşlı futbolçu Premyer Liqa klubu ilə 5 illik müqavilə imzalayıb. “Kristal Pelas”ın bu keçidə görə “Bayern”ə 12 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Kris Riçards ABŞ-ın “Dallas” klubunun yetirməsidir. O, 2019-cu ildən “Bayern”də çıxış edirdi. Gənc müdafiəçi Münhen klubunun əsas komandasında cəmi 10 matça çıxıb. Müdafiəçi bu müddətdə iki dəfə “Hoffenhaym”a icarəyə də verilib. Riçards ABŞ yığma komandasında da 8 oyunda forma geyinib.

Heyətini yeni futbolçu ilə gücləndirən “Kristal Pelas” öz qapıçısı Remi Metyuzu da Şotlandiyanın “Sent Conston” klubuna icarəyə verib. 28 yaşlı qolkiper qarşıdakı mövsümün sonunadək bu komandada icarədə oynayacaq. 2021-ci ilin yayında “Kristal Pelas”a transfer olunan qapıçı, burada əsas heyətə düşə bilməyib. İngilis qolkiper əvvəllər “Norviç Siti”, “Barton”, “Donkaster Rovers”, “Plimut”, “Bolton” və “Sanderlend” kimi klublarda da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: