Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 4-cü turu çərçivəsində “Senkt Qallen”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb – 3:2. Matçın ilk dəqiqələrində qapısından 2 top buraxan futbolçumuzun komandası qalan dəqiqələrdə bunların əvəzini artıqlaması ilə çıxmağı bacarıb.
Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Millimizin hücumçusu komandasının 45+2-ci dəqiqədə vurduğu ikinci qol zamanı məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
“Qrasshopper” hazırda 7 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


