“Neftçi”nin ötən gün yollarını ayırdığı Mirabdulla Abbasov özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, o, bundan sonra karyerasını “Səbail”də davam etdirəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Mirabdulla Abbasov daha öncə də icarə əsasında “Səbail”də oynayıb. Yarımmüdafiəçi “Neftçi”nin öz yetirməsidir. O, 2015-2016, 2017-2022-ci illər ərzində “ağ-qara” formada 111 oyun keçirib, 21 qola imza atıb. Azərbaycan millisində 3 oyun keçirmiş futbolçu icarə əsasında “Dauqavpils” və “Sumqayıt”da da çıxış edib.
“Səbail” bu yay Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli, Emil Balayev və Samir Abdullayev kimi yerli oyunçuları da heyətinə qatmışdı. Sözügedən klub həmçinin Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de Fransa, Franko Mazurek, Fakundo Kardozo, Maksim Çex və Petro Stasyuku da transfer edib. “Dənizçilər”də Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə yeni müqavilə imzalanıb. Rəşad Əzizli, Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Rauf Əliyev, Mirsahib Abbasov, Məhəmməd Mirzəbəyov komandadan ayrılıb. Adil Nağıyev isə “Şamaxı”ya icarəyə verilib.


