Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 10-cu turu çərçivəsində baş tutan “Zaqlembe” ilə matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Hesabı 3-cü dəqiqədə “Visla” açsa da, qalan dəqiqələrdə iki qol buraxan qonaqlar meydanı xalsız tərk ediblər. Bu, yeni mövsümə çox uğurlu başlamış “Visla”nın arıcıl ikinci məğlubiyyətidir. Komanda son dörd matçdan üçündə uduzub, birində isə heç-heçə edib.
Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Son oyunlardakı xal itkilərindən sonra “Visla” 10 oyuna topladığı 17 xalla 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.


