Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 19-cu qran-prisi baş tutub.
Texas ştatının paytaxtı Austin şəhərində təşkil olunmuş ABŞ qran-prisi də artıq dünya çempionluğunu təmin etmiş Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. “Red Bull”un niderlandlı sürücüsü 56 dövrəlik yarışda 1:42:11.687 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 13-cü belə zəfəridir.
“Mersedes”in pilotu Luis Hamilton bu dəfə ikinci olub. “Ferrari”dən Şarl Lekler isə üçüncü yerlə kifayətlənib.
Maks Ferstappen 19 turdan sonra xallarının sayını 391-ə çatdırıb. 267 xala malik Şarl Lekler ikinci, 265 xalı olan Ferstappenin komanda yoldaşı Serxio Peres isə üçüncüdür.
Konstruktorların mübarizəsində də “Red Bull” 656 xalla zirvədə qərarlaşıb. Bu, həm də sözügedən komandanın çempionluğu təmin etməsinə şərait yaradıb. “Red Bull” 2013-cü ildən sonra ilk, bütövlükdə isə 5-ci dəfə komandalar arasında çempion olur. “Ferrari” hazırda 469 xalla ikincidir. İlk üçlüyü 416 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Meksikada keçiriləcək. Sözügedən yarış oktyabrın 30-da bu ölkənin paytaxtı Mexiko şəhərində baş tutacaq.
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 391
- Şarl Lekler (Ferrari) – 267
- Serxio Peres (Red Bull) – 265
- Corc Rassell (Mersedes) – 218
- Karlos Sayns (Ferrari) – 202
- Luis Hamilton (Mersedes) – 198
- Lando Norris (Maklaren) – 109
- Esteban Okon (Alpine-Reno) – 79
- Fernando Alonso (Alpine-Reno) – 65
- Valtteri Bottas (Alfa Romeo) – 46
- Sebastyan Fettel (Aston Martin) – 38
- Daniel Rikkardo (Maklaren) – 29
- Kevin Maqnussen (Haas) – 26
- Pyer Qasli (Alfa Tauri) – 23
- Lens Stroll (Aston Martin) – 13
- Yuki Tsunoda (Alfa Tauri) – 13
- Mik Şumaxer (Haas) – 12
- Jou Quanyu (Alfa Romeo) – 6
- Aleksander Albon (Uilyams) – 4
- Nikolas Latifi (Uilyams) – 2
- Nik de Vris (Uilyams) – 2
- Niko Halkenberq (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 656
- Ferrari – 469
- Mersedes – 416
- Alpine-Reno – 144
- Maklaren – 138
- Alfa Romeo – 52
- Aston Martin – 51
- Haas – 38
- Alfa Tauri – 36
- Uilyams – 8


