Klaudio Ranyeri 31 il sonra yenidən “Kalyari”də!

İtaliyalı futbol məşqçisi Klaudio Ranyeri təxminən bir ilə yaxın davam edən fasilədən sonra özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, bundan sonra İtaliya B Seriyasında mübarizə aparan “Kalyari”yə rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 71 yaşlı mütəxəssis köhnə-yeni klubu ilə 2025-ci ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə bağlayıb. Təcrübəli baş məşqçi bu vəzifədə Fabio Liveranini əvəzləyib.

Xatırladaq ki, Ranyeri daha əvvəl “Kalyari”yə rəhbərlik edib. O, 1988-1991-ci illər aralığında bu komandanın uğurları üçün çalışıb. Bir sözlə, təcrübəli məşqçi 31 ildən sonra yenidən bu klubda məşqçilik bacarığını nümayiş etdirəcək. Əsas hədəf isə bu komandanı yenidən A Seriyasına qaytarmaqdır. Ötən mövsümün sonunda elitanı tərk etmək məcburiyyətində qalan bu köklü klub, hazırda B Seriyasında da 18 turdan sonra 22 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Klaudio Ranyeri son olaraq İngiltərənin “Uotford” komandasında rəhbərlik edib. O, 2021-ci ilin oktyabrında baş məşqçi təyin olunduğu bu komandadan bu ilin yanvarında ayrılmışdı. Ranyeri İngiltərədə “Fulhem”, “Lester Siti” və “Çelsi”yə də rəhbərlik edib. İspaniyada “Valensya”, “Atletiko” (Madrid), Fransada “Nant” və “Monako” kimi komandaların “sükanı arxasında” çalışmış italiyalı məşqçi, Yunanıstan yığmasının da baş məşqçisi olub. Təcrübəli mütəxəssis öz ölkəsində isə “Sampdoriya”, “Roma”, “İnter”, “Yuventus”, “Parma”, “Fiorentina” və “Napoli” komandalarına rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: