Sabiq “Qarabağ”lı Xayme Romero rəsmən Təbriz klubunda

“Qarabağ” sabiq yarımmüdafiəçisi Xayme Romero İran çempionatında mübarizə aparan Cənubi Azərbaycanın “Traktor” klubuna keçib. Arena.az xəbər verir ki, bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi saytında verilən açıqlamada Romeronun danışıqlar və tibbi müayinədən keçmək üçün Təbrizə çağırıldığı diqqətə çatdırılıb. Bu gün isə klubun “İnstagram”dakı səhifəsində futbolçunun “Traktor” forması ilə fotosu paylaşılıb və onun 77 nömrəli formanı geyinəcəyi

Xatırladaq ki, Xayme Romero 2019-cu ildən 2022-ci ilin iyun ayına kimi “Qarabağ”da çıxış edib. Sağ cinah vingeri 2021/22 mövsümünü ağır zədə üzündən əməliyyat olunduğuna görə boşa verməli olmuşdu. O, mövsümün sonlarında bir neçə oyunda iştirak etsə də, əvvəlki formasından xeyli uzaq olduğu üçün Ağdam klubundan göndərilmişdi. Xayme “Qarabağ”da bütövlükdə 69 oyuna çıxıb, 14 qol vurub və 16 məhsuldar ötürmə müəllifi olub.

2022-ci ilin sentyabr ayında İspaniyanın “Kartaxena” klubu ilə müqavilə bağlayan 32 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında sözügedən komandadan ayrılmışdı. Futbolçu İspaniya təmsilçisində cəmi 7 matç keçirsə də, fərqlənə bilməyib. O, karyerası ərzində “Kordoba”, “Saraqosa”, “Albasete”, “Real Madrid Kastilya”, “Qranada”, “Osasuna”, “Luqo”, “Bari”, “Orduspor”, “Udineze” kimi komandalarda da forma geyinib.

Onu da xatırladaq ki, “Traktor”u ötən ilin dekabr ayından etibarən ispan baş məşqçi Pako Xemes çalışdırır. Onun başçılığı altında 8 oyunda 17 xal toplayan komanda hazırda 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Xayme Romeronun da məhz onun dəvəti ilə Təbriz klubuna keçdiyi ehtimal olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş: