Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu baş tutub. Arena.az xəbər verir ki, oyunlardan biri Belçikada, digəri Almaniyada keçirilib.
Dortmund “Borussiya”sı İngiltərə təmsilçisi “Çelsi”ni qəbul edib. Bu qış fasiləsində transferlərə milyonlar xərcləyən “zadəganlar” Premyer Liqadakı uğursuz çıxışın davamını ÇL-də də gətirib. London təmsilçisi səfərdən məğlubiyyətlə qayıdıb. Amma ingilislərin doğma meydanda Almaniya təmsilçisi üzərində əzmkar qələbə ilə mərhələ adlamaq şansı qalır.
Günün digər oyununda isə Portuqaliyanın “Benfika” komandası “Brügge”nin qonağı olub. Bu qarşılaşma isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb. “Benfika”nın öz meydanında Belçika təmsilçisinə uduzacağı o qədər də inandırıcı görünmədiyi üçün, bu cütün taleyinin elə ilk oyundaca həll olunduğunu söyləmək olar.
Xatırladaq ki, 1/8 finalın ilk oyun günündə Almaniyanın “Bayern” komandası Fransada PSJ-yə minimal fərqlə qalib gəlib. İtaliya çempionu “Milan” isə evdə İngiltərənin “Tottenhem” kollektivinə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin qalan dörd görüşü gələn həftə baş tutacaq. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Napoli” (İtaliya) və “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) matçları fevralın 21-də keçiriləcək. “İnter” (İtaliya) – “Portu” (Portuqaliya) və “Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) oyunları isə fevralın 22-də olacaq. Bu mərhələnin cavab qarşılaşmaları mart ayına təsadüf edəcək.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral
PSJ (Fransa) – “Bayern” (Almaniya) 0:1
Qol: Kinqsli Koman, 53.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: Brahim Dias, 7.
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu
15 fevral
“Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) 1:0
Qol: Adeyemi, 63.
Baş hakim: Xesus Gil Manzano (İspaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.
“Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) 0:2
Qol: J.Mario, 51-pen. D.Neres, 88.
Baş hakim: Davide Massa (İtaliya)
Brügge. “Yan Breydel” stadionu.


