“Atletiko Nasional” klubunun yarımmüdafiəçisi Xames Rodriges Kolumbiya milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkədə hesablarında yazıb:
“Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, hər göz yaşı və hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi. Təşəkkürlər, Kolumbiya. Əbədi”, – deyə təcrübəli futbolçu bildirib.
Qeyd edək ki, Xames Rodriges Kolumbiya millisinin heyətində ümumilikdə 131 oyun keçirib və 31 qol vurub. O, 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının ən yaxşı bombardiri olub və turnirdə 6 qol vurub. Rodriges üçün milli komandada sonuncu turnir 2026-cı il dünya çempionatı olub. Kolumbiya həmin turnirdə 1/8 finala qədər irəliləyib, lakin penaltilər seriyasında İsveçrəyə məğlub olub. Xames millinin heyətində 2016-cı ildə Amerika Kubokunun bürünc, 2024-cü ildə isə gümüş medalını qazanıb.
Xames Rodriges “Atletiko Nasional”a bir neçə gün öncə azad agent kimi keçib. O, Kolumbiya klubu ilə 1 mövsümlük (2027-ci ilin 30 iyununadək) müqavilə imzalayıb.
Rodriges fevral ayından MLS təmsilçisi “Minnesota”da çıxış edirdi. O, ABŞ klubundan əvvəl “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton”, “Olimpiakos”, “San Paulo” və “Leon” komandalarının da formasını geyinib.
Xames “Real”ın heyətində iki dəfə İspaniya çempionu olub, UEFA Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb. Təcrübəli futbolçu “Bayern”lə də iki dəfə Almaniya çempionluğuna yiyələnib.


