“Neftçi” 1000-ci oyununa çıxacaq – Video

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turu “Neftçi” üçün əlamətdar olacaq.

Arena.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Peşəkar Futbol Liqası (PFL) bununla bağlı xüsusi süjet hazırlayıb. Süjetdə paytaxt klubunun veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin “ağ-qaralar”ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüblər.

Emin Mahmudov bu önəmli matç öncəsi bunları söyləyib:

“Doğrudan da, “Neftçi” Azərbaycanın flaqmanıdır. Açığı, Azərbaycan çempionatında ilk oyunlarımda həyəcanlı idim. Çünki məndən gözlənti az deyildi. Rusiyadan gəlmişəm, Portuqaliyada oynamışam. İstər-istəməz hamı səndən nəsə gözləyir və istəyir ki, özünü göstərəsən.

Əlbəttə, “Neftçi”də oynadığım üçün qürur duyuram. Bu, asan məsələ deyil. Burada hər zaman nəticə tələb olunur. Maksimumunu göstərməlisən. Mənim məqsədlərim isə bununla bitmir. İstəyirəm daha çox kubok qaldırım, daha yaxşı nəticələr əldə edim.

Yaxşı nəticələr göstərəndə kapitan olmaq rahatdır. Hamı səni tərifləyir, kapitan olmaq gözəl görünür. Amma nəticələr yaxşı olmayanda bu məsuliyyət daha da ağırlaşır. Çoxlu söhbətlər olur, mətbuatla, futbolçularla, rəhbərliklə danışmalı olursan. Problemləri birlikdə həll etməyə çalışırsan. Bəzən bu, həqiqətən də çox yorucu olur. Amma kapitan olmaq böyük məsuliyyətdir və bunun fərqindəyəm.

Klubun 90 illiyində çempion olmasını istəyərdim. Bütün azarkeşlərimizi, bizi dəstəkləyən hər kəsi sevindirək. İstəyərdim ki, komandam Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində çıxış etsin”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: