Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” futbol klubunun rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, toplantıda qəbul edilmiş qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.
Xatırladaq ki, daha əvvəl “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunun 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Nəticədə böyük şüşə parçası onun ayağına düşərək futbolçunu ciddi zədələyib.
Premyer Liqanın 2026/2027-ci illər mövsümünə çox uğursuz başlamış “kimyaçılar” hazırda 4 oyuna topladıqları 1 xalla sonuncu – 12-ci pillədə qərarlaşıblar.


