Futbol üzrə Venesuela milli komandasının və Almaniyanın “Auqsburq” klubunun hücumçusu Serxio Kordova Bundesliqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Kanadanın “Vankuver Uaytkeps” klubuna transfer olunub.
Bu barədə MLS (ABŞ və Kanadanın birgə çempionatı) təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hücumçu bu klubla müddəti daha 1 il artırılmaq şərti ilə 2025-ci ilin 31 dekabrına kimi anlaşıb. “Auqsburq” bu transferdən 2.1 milyon avro qazanıb.
Serxio Kordova Venesuelanın “Karakas” klubunun yetirməsidir. O, 2017-ci ilin iyul ayında 1 milyon avro qarşılığında “Auqsburq”a keçmişdi. Hücumçu Almaniya klubunda meydana çıxdığı 79 oyunda 7 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. 2020/21 mövsümündə “Arminiya” (Bielefeld) klubunda icarədə oynamış Kordova, ötən il də ABŞ-ın “Real Solt-Leyk” komandasında icarədə olub. Serxio Venesuela milli komandasında da 15 oyun keçirib, lakin qol vura bilməyib.
“Auqsburq” Ekvadordan olan yarımmüdafiəçisi Karlos Qruesonu da ABŞ-ın “San-Xose Ertkveyks” klubuna satıb. 27 yaşlı futbolçu da yeni klubu ilə müddəti 1 il artırılmaq şərti ilə 2025-ci ilin 31 dekabrına kimi anlaşıb. MLS təmsilçisi bu keçidə görə Almaniya klubuna 2.7 milyon avro ödəyib.
Karlos Qrueso peşəkar karyerasına Ekvadorun “İndependyente DV” klubunda başlayıb, daha sonra bu ölkənin “Barselona SC” komandasının uğurları üçün çalışıb. Almaniyada “Ştutqart”, ABŞ-da “Dallas” kimi klubların da formasını geyinmiş ekvadorlu yarımmüdafiəçi, 2019-cu ilin iyul ayında 5.5 milyon avro qarşılığında “Auqsburq”a keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 75 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Ekvador milli komandasında da 47 matça çıxıb, 1 qol vurub.
“Auqsburq” hücumçusu Lukas Petkovu “Qroyter”ə, mərkəz müdafiəçisi Frederik Vinteri isə “Bröndbü”yə icarəyə verib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə çıxış edəcək. Əvəzində Bundesliqa təmsilçisi Fransanın “Reyms” klubundan yarımmüdafiəçi Natanael Mbukunu transfer edib. Azad agent statusuna malik futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Fransadan olan 20 yaşlı futbolçu “Reyms”də keçirdiyi 84 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
Slimani yenə klub dəyişdirdi
Yeri gəlmişkən, “Reyms” sol cinah müdafiəçisi Bredli Lokonu da “Brest”ə icarəyə verib. Fransadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. Lakin “Brest” yayda 3.5 milyon avro ödəməklə gənc oyunçunun transfer hüquqlarını da ala bilər.
“Brest” “Bordo”nun hücumçusu Albert Elisi də icarəyə götürüb. Hondurasdan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Yayda forvardın transfer hüquqlarını almaq üçün 4 milyon avro ödəmək lazım gələcək. 2021-ci ildən “Bordo”da çıxış edən forvard bu komandada 40 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə edib. O, Honduras yığmasında 56 oyuna 12 qol vurub.
“Brest” “Monako”dan yarımmüdafiəçi Feliks Lemareşalı da icarəyə götürüb. 19 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Fransız futbolçu “knyazlıq” təmsilçisinin əsas komandasında 2 oyun keçirib. “Monako”nun 21 yaşlı sol cinah müdafiəçisi Artuq Zaqreni də “Ekselsior”a icarəyə göndərib. PSJ-nin yetirməsi olan fransız futbolçu 2019-cu ildən “Monako”dadır. O, bu klubun əsas komandasında cəmi 3 oyuna çıxıb. Bu üzdən də daha öncə “Dijon” və “Utrext” kimi klublara icarəyə verilib.
“Brest”in hücumçusu İslam Slimani isə Belçikanın “Anderlext” klubuna keçib. Liqa 1 təmsilçisindən azad agent kimi ayrılan forvard yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb. 34 yaşlı futbolçu bu mövsümün əvvəlindən formasını geyindiyi Fransa klubunun heyətində 18 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
İslam Slimani karyerası ərzində “Sportinq” (Lissabon), “Beluizdad”, “Lester Siti”, “Olimpik” (Lion), “Fənərbaxça”, “Monako”, “Nyukasl” kimi klublarda da çıxış edib. O, Əlcəzair yığmasında da 89 oyuna 42 qol vurub.


