İngiltərə Premyer Liqasının 25-ci turunun “Mançester Yunayted”lə ev oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. Arena.az xəbər verir ki, misirli futbolçu 7:0 hesabıyla qalib gəldikləri bu möhtəşəm matçda dubla imza atıb.
Bununla da 30 yaşlı hücumçu “Liverpul”un heyətində İngiltərə Premyer Liqasında vurduğu qolların sayını 129-a çatdırıb. Salah bu qolları 205 matçda rəqib qapılarından keçirib. Nəticədə o, “Liverpul”un yeni rekordçusuna çevrilib. “Qırmızılar”ın tarixində buna qədər Premyer Liqada ən çox qol vurmuş futbolçu Robbi Fauler idi – 128. Robbi Fauler 1993-2001 və 2006-2007-ci illərdə “mersisaydlılar”ın formasını geyinib. İlk “üçlüy”ü Stiven Cerrard (120 qol) qapayır.
“Mançester Yunayted” üzərindəki qələbədə 2 qol və 3 məhsuldar ötürmə ilə pay sahibi olan Salah, bu mövsüm bir ilkə də imza atdı. O, cari mövsümdə Avropanın beş ən böyük çempionatında 20 qol və 10 asist səddini keçən ilk futbolçuya çevrildi.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan 42 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. Misir yığmasının üzvü Premyer Liqa nəhəngində bütövlükdə 291 matça çıxıb, 178 qol vurub və 74 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Roma”dan başqa, “Bazel”, “Çelsi”, “Fiorentina” və “Əl-Mukavulun”da da forma geyinib. Salah Misir yığmasında da 83 oyuna 45 qol vurub.
“Mançester Yunayted”lə matç “Liverpul” üçün də əlamətdar olub. Sözügedən komanda Premyer Liqada ilk yarısını öndə bitirdiyi matçlarda məğlubiyyətsiz seriyasını davam etdirdi. “Qırmızılar” 2016-cı ilin 4 dekabrından bəri ölkə çempionatında ilk hissəsini öndə bitirdiyi oyunlardan məğlub ayrılmır.
Əvəzində “Mançester Yunayted” 92 il sonra İngiltərə Premyer Liqasında ən böyük hesablı məğlubiyyətlə üzləşib. “Qırmızı şeytanlar” sonuncu dəfə 1931-ci ildə “Vulverhempton”a 0:7 hesabıyla uduzmuşdular. Bu oyuna qədər “Mançester Yunayted” 3 dəfə 0:7 hesabı ilə yenilmişdi – “Blekbern”ə (1926), “Aston Villa”ya (1930) və “Vulverhempton”a (1931).


