2023/24 mövsümündən etibarən Birinci Divizion və Premyer Liqa klublarının əvəzedici arasındakı çempionatlar ayrı-ayrılıqda keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə bu gün “Fairmont” hotelində baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında müvafiq qərarlar qəbul olunub.
Belə ki, İK-nın qərarına görə, yeni mövsümdən hər iki çempionat hər birində 10 komanda olmaqla ayrı təşkil olunacaq.
Bundan başqa, Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunub. Əvəzində
2023/24 mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırma qaydaları tətbiq olunacaq. Müvafiq meyarların hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunması AFFA-nın baş katibliyinə və PFL-ə tapşırılıb.
Azərbaycan Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunması Peşəkar Futbol Liqasına (PFL) həvalə olunub.
AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbir planının hazırlanması AFFA-nın baş katibliyinə tapşırılıb.
İcraiyyə Komitəsinin daha bir qərarına əsasən, 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına ayrılacaq.
Yeri gəlmişkən, İcraiyyə Komitəsinin iclasında Yoxlama və Təftiş Komitəsi tərəfindən hesabat məruzəsi də təqdim olunub.


