Siyanda Xulu Cənubi Afrika millisinə dəvət olundu

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulu Cənubi Afrika milli komandasına dəvət olunub. Arena.az xəbər verir ki, bu barədə Cənubi Afrika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, baş məşqçi Huqo Bros Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı keçirəcəkləri oyunlar üçün ilkin heyəti açıqlayıb. İlkin heyətdə 35 futbolçunun adı var ki, onlardan da biri “Turan Tovuz”un afrikalı legioneridir.

Xəbərdə o da bildirilir ki, baş məşqçi Huqo Bros 23 futbolçudan ibarət yekun heyəti gələn həftə açıqlayacaq. Bu üzdən də “Turan Tovuz”un legionerinin yekun heyətdə də yer alıb-almayacağı hələlik sual altındadır.

Cənubi Afrika millisi martın 19-da Yohannesburqda təlim-məşq toplanışına başlayacaq. Martın 24-də burada Liberiyanı qəbul edəcək komanda dörd gun sonra Monroviyada sözügedən rəqibinin qonağı olacaq.

Xatırladaq ki, Siyanda Xulu 2012-ci ildən Cənubi Afrika millisinə çağırılır. O, milli komandanın heyətində 18 oyuna çıxıb və 1 qola imza atıb.

Təcrübəli futbolçu “Turan Tovuz”a 2022-ci ilin avqust ayında qoşulub. O, Premyer Liqa təmsilçisinin heyətində 18 matça çıxıb.

Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlamış afrikalı futbolçu daha sonra Rusiyada “Rostov”un formasını geyinib. “Kayzer Çifs” və “Maritzburq Yunayted”də də oynamış mərkəz müdafiəçisi “Turan Tovuz”dan öncə İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: