Erlinq Haland ÇL matçında 5 qol vurdu, 5 yeni rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə cavab matçı “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Norveçdən olan futbolçu 7:0 hesabıyla qalib gəldikləri bu matçda 5 qola imza atmaqla bir neçə yeni rekorda imza atıb.

22 yaşlı forvard Çempionlar Liqasında 30 qola çatan ən gənc futbolçuya çevrilib. O, bu qədər qolu 25-ci ÇL matçına sığışdırıb. İndiyə qədər heç bir futbolçu 30 qol həddinə bu qədər tez çatmamışdı. Norveçli bu uğura 22 yaş 236 günlüyündə çatmaqla da rekord sahibi oldu.

Haland Çempionlar Liqasında bir oyuna 5 qol vuran üçüncü futbolçu olub. Daha öncə bunu Lionel Messi və Luiz Adriano bacarmışdı. Sadəcə, Lionel Messi də Haland kimi bunu ÇL-in pley-offunda rəsmiləşdirmişdi. Maraqlıdır ki, Messi də “Barselona”nın heyətində Almaniyanın digər klubu “Bayer”i 5 dəfə mərkəzə dəvət etmişdi – 7:1.

Norveç yığmasının üzvü Avropada bu mövsüm ən çox het-trikə imza atan futbolçuya da çevrilib.

Haland həm də “Mançester Siti” tarixində bir mövsümdə ən çox qol vuran futbolçu olub. Onun hesabında artıq 39 qol var. Bundan əvvəlki rekord isə Tommi Consona məxsus idi. Sözügedən futbolçu 1928/29 mövsümündə vurduğu 38 qol ilə mançesterlilərin rekordçusu idi. Amma Haland üçün qarşıda hələ çox oyun olduğunu nəzərə alsaq, norveçli oyunçu rekordunu daha da əlçatmaza çevirmək şansına malikdir.

Haalandın bu mövsüm Çempionlar Liqasında indiyədək 10 qolu var. Bu da klub adına bir rekorddur. Dünənədək Riyad Mahrez 7 qolla bir mövsümdə (ötən il) “Mançester Siti”nin ən məhsuldar futbolçusu idi.

Xatırladaq ki, “Mançester Siti” ilə “Leypsiq” arasında Almaniyada baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə 7:0 hesablı qələbə “şəhərlilər”i növbəti mərhələyə daşıyıb. Erlinq Haland bu görüşün 22, 24, 45+2, 54 və 57-ci dəqiqələrində fərqlənib. Digər qolları 49-cu dəqiqədə İlkay Gündoğan və 90+2-də Kevin de Bruyne vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: