Azərbaycan çempionu “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bu gün səhər saatlarından etibarən satışa çıxarılan biletlərə tələbat kifayət qədər yüksək olub. Belə ki, ilk satış günündə 42 500 (!) bilet satılıb.
Xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletlərinin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:
▪️ Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
▪️ Iticket.az-ın satış məntəqələri;
▪️ “Park Bulvar”da yerləşən “Qarabağ” Futbol Klubunun Fan-Şopu.
Biletləri iticket.az-dan onlayn formada da əldə etmək mümkündür.
Xatırladaq “Qarabağ” və “Qalatasaray” arasındakı yoldaşlıq görüşü martın 26-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Hər iki klub qarşılaşmadan əldə olunacaq bütün gəlirin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini açıqlayıb.



